Hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərar çıxarıb: şikayət təmin edilməyib və əvvəlki hökm qüvvədə saxlanılıb.
Məhkəmənin əvvəlki qərarına görə, Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 2024-ci il dekabrın 3-də saxlanılıb.
İttihama görə, Rüfət Səfərov Novxanıda bağ satmaq vəd edib, bunun müqabilində zərərçəkən Natiq İmanquliyevdən 60 min manatdan artıq məbləğ alıb, lakin vədinə əməl etməyib. Hadisə zamanı Natiq İmanquliyev onun qarajına gedərək aralarında mübahisə yaranıb və nəticədə o, xəsarət alıb.
Binəqədi rayon Polis İdarəsində Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq — külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri əsasında ittihamlar irəli sürülüb.