Milli Hidrometeorologiya Xidməti avqustun 20-dən 23-dək ölkə üzrə hava şəraitinə dair proqnoz yayıb.

Bildirilib ki, Bakı və Abşeron yarımadasında həftə sonuna qədər əsasən yağmursuz hava hökm sürəcək. Avqustun 20-si gündüzdən 21-i gündüzədək şimal-qərb istiqamətli küləyin güclənəcəyi, havanın temperaturunun 29-33 dərəcə arasında olacağı gözlənilir.

Avqustun 22-23-də isə mülayim cənub-şərq küləyinin üstünlük təşkil edəcəyi və havanın maksimal hərarətinin 30-35 dərəcə isti olacağı proqnozlaşdırılır.

Regionlarda avqustun 20-si gündüzdən başlayaraq və 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal və qərb rayonlarından yağışların müşahidə olunacağı gözlənilir. Yağıntıların bəzi yerlərdə qısamüddətli leysan xarakterli, intensiv olması, şimşək çaxması və dolu düşmə ehtimalı bildirilir.

Avqustun 22-23-də rayonların əksəriyyətində əsaslı yağış gözlənilmir və hava əsasən yağmursuz olacaq.

Proqnoza görə, aran bölgələrində havanın maksimal temperaturu 33-38, dağlıq rayonlarda isə 20-25 dərəcə isti təşkil edəcək.

Əlavə olaraq qeyd olunur ki, avqustun 19-na qədər müşahidələr göstərir ki, ay ərzində temperatur 17 gün normadan yüksək (0.4-5.2 dərəcə), bir gün isə normadan 0.3 dərəcə aşağı olub. Ayın 9-da temperatur 5.2 dərəcə normadan yüksək olaraq, gündüz maksimumu 38.6 dərəcə isti ölçülüb.