Elektrik enerjisinin verilməsi keyfiyyətinin yaxşılaşdırılması və artan yük tələbatının ödənilməsi məqsədilə avqustun 24-də ölkə üzrə bir neçə elektrik şəbəkəsində planlı təmir işləri görüləcək.

Tərtər Elektrik Şəbəkəsinin xidmət ərazisində saat 10:00-dan 14:00-dək 10 kV-luq xəttə yaxın ağacların budanması işlərinə görə İrəvanlı və Bayandur kəndlərinin müəyyən hissələrində elektrik enerjisində məhdudiyyət tətbiq olunacaq.

Ağdaş EŞ-də 35 kV-luq “Pirəzə” və 10 kV-luq “Kükəl” hava xətlərində aparılacaq təmir işləri səbəbiylə saat 10:00-dan 17:00-dək Abad, Ağzıbir, Ağcaqovaq, Eymur, Ərəbşəki, Hüşün, Xınaxlı, Kotavan, Kükəl, Qaradeyin, Qaraoğlan və Pirəzə kəndlərinin bəzi ərazilərində enerji təchizatında fasilələr olacaq.

Bərdə EŞ ərazisində yerləşən 35/10 kV-luq “Şirvanlı” yarımstansiyasında 16 MVA gücündə yeni transformatorun quraşdırılması ilə əlaqədar planlı enerji kəsintisi saat 10:00-dan 19:00-dək davam edəcək. Bu müddətdə Böyük Qacar, Dəymədağıldı, Hüseynbəyli, Xanxanımlı, Kətəlparaq, Qullar, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şirvanlı və Uğurbəyli kəndləri əhatə olunacaq.

Goranboyda 10 kV-luq hava xətləri boyunca aparılacaq ağac budama işləri üzrə saat 09:45-dən 14:45-dək Bəşirli, Göynüyən və Hazırəhmədli kəndlərinin, saat 10:00-dan 15:00-dək isə Xınalı və Qaramusalı kəndlərinin müəyyən hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.

Paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacağından saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində enerji kəsintiləri gözlənilir.

Bildirilib ki, işlərin tamamlanmasından sonra həmin ərazilərdə abonentlər daha stabil və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.