Avqustun 25-i üçün Azərbaycanın müxtəlif rayonlarında hava şəraiti açıqlanıb.

Paytaxt və Abşeron yarımadasında yağışsız hava olacağı gözlənilir. Gecə temperatur 23-26° arasında, gündüz isə 31-36° olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz səviyyəsində proqnozlaşdırılır.

Regionlarda əsasən yağış gözlənilməsə də, gündüz vaxtı bəzi dağlıq ərazilərdə qısa müddətli yağış və şimşək çaxması ehtimalı qalır. Gecə və səhər saatlarında dağlıq zonalarda arabir duman müşahidə edilə bilər. Mülayim şərq küləyi əsəcək.

Ölkənin rayonlarında gecə temperatur 21-26° isti, gündüz isə adətən 34-39° aralığında olacaq; bəzi məntəqələrdə termometrlər 40°-ə qədər yüksələ bilər. Dağlıq ərazilərdə gecə 14-18°, gündüz 23-28° isti proqnozlaşdırılır.