Avqustun sonlarında səma üzərində “Qanlı Ay” effekti meydana gələcək. NASA-nın məlumatına görə, avqustun 27-dən 28-nə keçən gecə ilin ikinci Ay tutulması baş verəcək.

Hadisə qismən Ay tutulması kateqoriyasına daxildir: Ayın 93%-dən 96%-ə qədər hissəsi Yer kürəsinin tam qaranlıq kölgəsi olan umbraya daxil olacaq. Atmosferdən keçən Günəş şüalarının yalnız qırmızı spektrinin Ay səthinə düşməsi nəticəsində səma mis-qırmızı rəng alacaq və bu, “Qanlı Ay” effekti adlanır. Günəş tutulmasından fərqli olaraq, bu hadisəni çılpaq gözlə, tam təhlükəsiz şəkildə izləmək mümkündür.

Tutulmanın bəzi regionlarda tam müşahidə oluna biləcəyi bildirilib: Şimali və Cənubi Amerika, Atlantik okeanı və Qərbi Avropa ərazilərində proses başlanğıcdan sonadək aydın görünəcək. Türkiyədən isə Ayın umbraya daxil olduğu ilk anların qərb üfüqündə qısa müddət ərzində izlənməsi ehtimal edilir.

Azərbaycanda hadisənin görünməsi məhdud olacaq. Ayın üfüqdə çox aşağı olması və tez batması səbəbindən müşahidə yalnız yarımkölgə fazasında mümkündür və bu müddət təxminən 32 dəqiqə təşkil edəcək.

Tutulmanın Bakı vaxtı ilə cədvəli (28 avqust):

05:23 – Yarımkölgəli tutulmanın başlanğıcı (Ay tədricən solğunlaşır).

05:55 – Bakı üçün Ayın batması (müşahidənin ölkə ərazisində bitməsi).

06:33 – Əsas qismən tutulmanın başlanması (Ayda umbra kölgəsi görünməyə başlayır).

08:12 – Maksimum faza (Ayın 96%-i qırmızı ton alır; bu mərhələ ölkəmizdə gündüz vaxtına təsadüf etdiyindən görünməyəcək).

09:51 – Qismən tutulmanın yekunlaşması.

11:01 – Hadisənin dünya üzrə tamamilə başa çatması.

Bu unikal anı izləmək istəyənlərə tövsiyə olunur ki, avqustun 28-i səhər tezdən maneəsiz qərb və ya şimal-qərb üfüqünü açıq görən, bina, dağ və ya digər əngəllərdən uzaq yüksək nöqtələri seçsinlər.