Paytaxtın Xətai rayonu 8 Noyabr prospektində nəqliyyatın intensiv olduğu vaxt avtomobil yolunda təhlükəli hərəkətlər edən iki yeniyetmənin görüntüləri yayılıb.

Görüntülərdə yeniyetmələrin yolun ortasında qaçaraq və gimnastika hərəkətləri icra edərkən həyatlarını riskə atdıqları görünür. Kadrları çəkən şəxs həmin görüntüləri sosial şəbəkədə paylaşıb.

Hadisə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və bu hərəkətlərin həm həmin şəxslərin, həm də digər yol iştirakçılarının təhlükəsizliyinə risk yaratdığı qeyd olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, paytaxtda nəqliyyat axınının sıx olduğu yolda təhlükəli davranış nümayiş etdirən azyaşlılar müəyyən edilib. Hər iki yeniyetmə valideynləri ilə birlikdə Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb.

Polis valideynlərə yol hərəkəti qaydalarına əməl etməyin vacibliyini, övladlarının təhlükəli davranışlarından çəkindirilməsini və onların sağlamlığına nəzarəti gücləndirməyi tövsiyə edib. Məqsəd bu cür halların təkrarlanmaması üçün maarifləndirici tədbirlər həyata keçirməkdir.