Azərbaycan Respublikasının Baş Prokurorluğu konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı çağırışlar edən, habelə terrorçuluğu təbliğ edən üç Rusiya vətəndaşı barədə cinayət işi açaraq onları İNTERPOL xətti ilə beynəlxalq axtarışa verib.

Aleksey Çadayev 1978-ci ildə Moskvada doğulan Aleksey Çadayev Rusiya siyasi və media çevrələrində ideoloq və analitik kimi tanınır. Müxtəlif dönəmlərdə Dövlət Duması, Prezident Administrasiyası və “Yedinaya Rossiya” partiyasında strateji layihələrdə iştirak edib. Hazırda Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri kimi fəaliyyət göstərir. Çadayevin media çıxışlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı zorakı metodlardan, müəyyən şəxslərin fiziki məhvindən və ünvanlı sıradan çıxarılmasından istifadə olunmasını açıq şəkildə təbliğ etdiyi bildirilir.

Semyon Uralov Postsovet məkanı üzrə ixtisaslaşmış siyasi politoloq və proqnozçu kimi tanınan Semyon Uralov uzun müddət müxtəlif media layihələrinin müəllifi olub. O, “Семён Уралов” adlı YouTube kanalı və orada yayımlanan “Чистота понимания” verilişi vasitəsilə anti-Azərbaycan təbliğatının təşkilatçılarından biri hesab edilir. Uralovun efir imkanlarından istifadə edərək Azərbaycan Respublikasında etnik nifrət və düşmənçilik yaratmağa və dövlət əleyhinə təxribatçı çağırışlara şərait yaratdığı göstərilir.

İvan Knıazev “Moskva 24” telekanalında xəbər və siyasi tok-şouların aparıcısı olan İvan Knıazev jurnalistik fəaliyyətini siyasi təhdid yönündə istifadə edən şəxslərdəndir. O, yayımlarda fəal iştirak etməklə Azərbaycan dövlətinə qarşı güc tətbiqi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması istiqamətində açıq bəyanatlar səsləndirdiyi iddia olunur.

Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 283.2.1 (milli nifrət və düşmənliyin salınması) maddələri üzrə cinayət işi başlanıb. Məhkəmə qərarı ilə onların üzərinə qiyabi həbs qətimkan tədbiri seçilib.