Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə İspaniyanın “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti arasında müqavilə bağlanıb.

Sənəddə Bakıda ödənişli hərəkət zonalarının yaradılması layihəsi üçün texniki məsləhət xidmətinin həyata keçirilməsi nəzərdə tutulur. Bağlanmış müqavilənin maliyyə həcmi 307 min manat məbləğindədir.

“IDOM Consulting, Engineering & Architecture S.A.A.” 1957-ci ildən fəaliyyət göstərən İspaniya şirkətidir və onun baş ofisi Bilbao şəhərində yerləşir. Şirkət mühəndislik, memarlıq, konsaltinq və layihələndirmə sahələrində xidmət göstərir.

Xatırlatma olaraq, Bakıda ödənişli hərəkət zonalarının yaradılmasına dair sənəd ötən ilin sentyabrında təsdiqlənib. Həmin qərarda Nazirlər Kabinetinə paytaxtın inzibati ərazisində ödənişli zonalar və həmin zonalara daxil olmağa görə tətbiq olunacaq haqqın məbləği ilə bağlı təklifləri üç ay ərzində hazırlamaq tapşırılıb.

Ödənişli hərəkət zonalarının tətbiqi ilə bağlı qərarın 2027-ci il yanvarın 1-də qüvvəyə minəcəyi nəzərdə tutulur.