Azərbaycan Hava Yolları QSC (AZAL) Qazaxıstanın Atırau şəhərinə ilk reysini uğurla həyata keçirib.
Yeni marşrutun açılması ölkələr arasında hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi, işgüzar və turizm səfərlərinin təşviqi və iqtisadi ilə humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədlərinə xidmət edir.
Bakı–Atırau–Bakı istiqamətində uçuşlar həftədə dörd dəfə — bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bu yeni xətt sərnişinlərə Qərbi Qazaxıstanın əhəmiyyətli iqtisadi mərkəzlərindən birinə birbaşa və rahat səyahət imkanı verir.
Qazaxıstan AZAL-ın beynəlxalq marşrut şəbəkəsində prioritet istiqamətlərdən sayılır. Aviadaşıyıcı iki ölkə arasındakı artan mobil tələbata uyğun olaraq Qazaxıstan üzrə uçuş coğrafiyasını davamlı genişləndirir və sərnişinlərə daha çox seçimlər təqdim edir.
Atırau istiqamətinə biletləri şirkətin rəsmi internet səhifəsindən, mobil tətbiqindən, aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.