Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.

İddia mətninə görə, məhkəməyə səbəb CNN-in 2026-cı il iyunun 5-də yayımladığı və Azərbaycanın ərazisinin İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə olunduğu barədə əsassız iddiaların yer aldığı məqalədir.

Məqalədə qeyd olunub ki, İsrail xüsusi təyinatlılarının Azərbaycanın cənubunda, İran sərhədinə yaxın məntəqələrdə fəaliyyət göstərdiyi, oradan kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatları həyata keçirilərək dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarının əvvəlcədən yerləşdirildiyi iddia olunub.

Xəbərdə vurğulanır ki, material dərc olunmazdan əvvəl Azərbaycan tərəfi həmin iddiaları rəsmən təkzib edib və ölkə ərazisinin üçüncü dövlətlərin İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.

Buna baxmayaraq, iddianı qaldıran tərəf hesab edir ki, məqalədə Azərbaycanın mövqeyi adekvat şəkildə təqdim olunmayıb və əsas iddialar anonim mənbələrə istinadla verilib. Azərbaycan dəfələrlə ölkə ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə bəyanatlar yayıb.

Material dərc edildikdən sonra Azərbaycan CNN-dən iddiaları təkzib etməyi və məqalədə düzəliş aparmağı rəsmi qaydada tələb edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi məsələ ilə bağlı açıqlama verib.

İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək məqalədəki məlumatların təkzib edilməsi və düzəlişlərin aparılmasını tələb edib. CNN ilkin olaraq tələbləri araşdırmaq vəd etsə də, həmin müddət ərzində heç bir əməli tədbir görülməyib və iddialar təkzib edilməyib.

Nəticədə Azərbaycan CNN-ə qarşı Delaver ştatı üzrə federal məhkəmədə iddia qaldırıb; iddia tələbi 17 avqust 2026-cı il tarixində məhkəməyə təqdim edilib.

Qeyd edilir ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki yazılarında da Azərbaycana qarşı birtərəfli yanaşma müşahidə edildiyi vurğulanır; onun 2020-ci il Vətən müharibəsi və 2023-cü ildəki anti-terror tədbirləri ilə bağlı materiallarında da belə iddiaların yer aldığı qeyd olunur.