Azərbaycanla Gürcüstan arasında dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranmış sıxlığı ilə bağlı iki ölkənin gömrük xidmətlərinin rəhbərləri arasında müzakirələr keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, tərəflər sıxlığın aradan qaldırılması və sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün zəruri addımların görülməsi barədə razılığa gəliblər.

Bildirilir ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur və bununla bağlı icra planı hazırlanacaq.

Qeyd olunur ki, son günlər Azərbaycan–Gürcüstan sərhədində, xüsusilə “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində yük avtomobillərinin hərəkətində ciddi sıxlıq müşahidə edilib. Gürcüstan tərəfində, Marneuli istiqamətində yüzlərlə TIR-ın növbə gözlədiyi bildirilir.