Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq avqustun 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri təşkil olunub.

Tədbirlər hərbi orkestrin müşayiəti altında başlayıb. Döyüş bayraqları təntənəli şəkildə sıra meydanlarına gətirildikdən sonra mərasim rəsmi hissəyə keçib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən yolunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər təntənəli formada hərbi andı qəbul edərək Vətənə sədaqət göstərməyə söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara vətənə, dövlətə və Ali Baş Komandana sədaqətli xidmət, silah və texnikanın sirlərini dərindən mənimsəməklə döyüş hazırlığını yüksəltməyi, komandir-rəis heyətinin əmrlərini dəqiq icra etməyi və torpaqların müdafiəsi üçün hər an hazırlıqlı olmağı tövsiyə ediblər.

Tədbir iştirakçıları gənclərin and içməsindən məmnunluq ifadə edib, hərbi xidmətdə yaradılan şəraitə görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların tribunaların önündən təntənəli marşlarla keçidi ilə başa çatıb. Günün sonunda hərbi hissələrdə vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər təşkil olunub.