Azərbaycanın qadın kamandan oxatma yığması 24–29 oktyabr tarixlərində İraqın Süleymaniyə şəhərində baş tutan Asiya Kubokunun ikinci mərhələsində qızıl medal qazanıb. 19 ölkədən 120 idmançının qatıldığı turnirdə komanda yarışında Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova final görüşündə Qazaxıstan yığmasına 5:4 hesabı ilə qalib gələrək qızıl medal əldə ediblər.
Qadınlarla yanaşı, qarışıq komanda yarışında da Azərbaycan uğur əldə edib. Ramazanova və Əliyev İran yığması ilə qarşılaşıb və finalda ikinci yeri tutublar. Bununla da yığmanın aktivinə iki medal – bir qızıl və bir gümüş əlavə olunub.
Qeyd edək ki, turnir World Archery federasiyasının rəsmi təqviminə daxil olan Dünya reytinq turniri statusundadır. Bu yarış idmançılara dünya reytinqində xal qazanmaq, Olimpiya Oyunlarının təsnifat mərhələləri də daxil olmaqla, beynəlxalq yarışlara hazırlıq baxımından dəyərli təcrübə təqdim edir.