Bakıda bir sıra özəl təhsil müəssisələri yeni dərs ilinə ənənəvi sentyabrın 15-i deyil, ayın əvvəlindən başlamağı planlaşdırıb. Valideynlərə bəzi liseylərdə dərslərin sentyabrın 1-dən, 7-dən və ya 9-dan başlayacağı barədə məlumat verilib.
Məsələn, "Kaspi" liseyində IX–XI siniflər sentyabrın 1-dən tədrisə qayıdacaq, aşağı siniflər isə ənənəvi olaraq ayın 15-dən dərslərə başlayacaq. "Evrika" liseyində bütün siniflər üzrə tədris birbaşa sentyabrın 1-də planlaşdırılır. Beynəlxalq proqramla işləyən "Azerbaijan British Colleges" bütün qruplar üçün həmin tarixi seçib, "Baku Oxford School"da isə yalnız bağça qrupları sentyabrın 1-də fəaliyyətə başlayacaq, məktəb sinifləri 15-də dərslərə qoşulacaq.
Digər nümunələrdə isə "Baku Modern School" tədrisi 7 sentyabrda, "British School in Baku" isə 9 sentyabrda açmağı planlaşdırır. Xatırladıq ki, əvvəllər dövlət məktəblərində dərslər sentyabrın 1-də başlayırdı, sonradan isə 15 sentyabr ənənə halını aldı.
Səbiq təhsil naziri Misir Mərdanov yenidən sentyabrın 1-nə qayıtmaq barədə fikirləri dəstəklədiyini bildirib və qardaş Türkiyənin təcrübəsinə istinadla qeyd edib ki, müvafiq qurumlar bu məsələnin üstün və mənfi tərəflərini araşdırıb hökumətə təklif versələr, dövlət qərar verə bilər.
Təhsil eksperti Fuad Hacıyev isə bildirib ki, özəl liseylərin və beynəlxalq məktəblərin dərsləri sentyabrın əvvəlində açması onların tətbiq etdiyi qlobal kurikulumlar, illik kredit və saat planlamaları ilə əlaqəlidir. O vurğulayıb ki, payız, qış və yaz tətil günlərinin beynəlxalq standartlara uyğun təşkili üçün bu müəssisələr tədris ilini bir qədər tez başlatmağa ehtiyac hiss edirlər.
Hacıyev qeyd edib ki, dövlət məktəblərində vahid standartların mövcudluğu və uzun illər ərzində 15 sentyabr – Bilik Günü ənənəsinə alışma cəmiyyətin gündəlik həyatına uyğunlaşıb. O əlavə edib ki, dərslərin əvvələ çəkilməsi barədə qərar verilərkən ölkənin iqlim şəraiti, infrastruktur və valideynlərin yay tətili planları kimi amillər kompleks şəkildə nəzərə alınmalıdır və qərarlar tələm-tələsik qəbul olunmamalıdır.