Bu ilin ilk altı ayında Azərbaycanda ümumilikdə 533 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Həmin dövrdə baş verən qəzalar nəticəsində 285 nəfər həyatını itirib, 404 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Statistik göstəricilərə görə, ölkədə hər 10 yol qəzasına orta hesabla 5,35 ölüm düşür.
Qonşu ölkələrlə müqayisədə ölüm göstəriciləri fərqlidir. Gürcüstanda bu ilin ilk yarısında 1 267 yol-nəqliyyat hadisəsi baş verib; bu qəzalar zamanı 201 nəfər ölüb, 1 925 nəfər yaralanıb. Ermənistanda eyni dövrdə 2 151 qəza qeydə alınıb və bu hadisələr nəticəsində 114 nəfər ölüb, 3 127 nəfər yaralanıb.
Hesablamalara görə, hər 10 yol qəzasına düşən ölüm Gürcüstanda 1,59, Ermənistanda isə 0,53 təşkil edir. Beləliklə, hər 10 qəza üzrə ölüm nisbəti Azərbaycanda Gürcüstandan təxminən 3,4 dəfə, Ermənistandan isə 10 dəfə daha yüksək olub.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarında yol qəzalarında ölüm hallarına əsas təsir edən amillər arasında yol infrastrukturu, nəqliyyat vasitələrinin təhlükəsizliyi, yol hərəkəti iştirakçılarının davranışı, təhlükəsizlik kəmərlərinin istifadəsi və qəza sonrası tibbi yardımın səviyyəsi göstərilir.