2026-cı ilin ilk yarısında ölkədə demoqrafik göstəricilərdə mənfi dəyişikliklər qeydə alınıb. Rəsmi statistikaya əsasən həmin dövrdə 40 798 uşaq doğulub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4 818 nəfər və ya 10,6 faiz azalma deməkdir.

Doğumların azalması nəticəsində hər 1000 nəfərə düşən doğum sayı 9,0-dan 8,0-a enib. Eyni zamanda, ölümlərin sayı artıb — ilk yarıda 30 625 nəfər vəfat edib, halbuki ötən ilin ilk yarısında bu göstərici 29 400 nəfər idi. Bu, ölümlərin 4,2 faiz artması və hər 1000 nəfərə düşən ölüm göstəricisinin 5,8-dən 6,0-a yüksəlməsi deməkdir.

Nəticədə əhalinin təbii artımı kəskin azalıb. 2025-ci ilin ilk yarısında doğulanlarla ölənlər arasındakı fərq 16 216 nəfər idisə, 2026-cı ilin eyni dövründə bu rəqəm 10 173 nəfərə enib və təbii artım bir ildə 37,3 faiz geriləyib.

Ekspertlər bildirirlər ki, demoqrafik proseslər uzunmüddətli xarakter daşıyır və qısa zamanda dəyişmir. Əgər doğumların azalması davamlı olacaqsa, bu, ölkənin yaş strukturuna, əmək bazarına, pensiya sisteminə və ümumi iqtisadi artım imkanlarına mənfi təsir göstərə bilər.