Bakı şəhərinin Baş Planı 30 dekabr 2023-cü il tarixli Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiqlənib. Sənəddə yaşayış fondunun yenilənməsi, qəzalı tikililərin sökülməsi, ərazilərin regenerasiyası və infrastrukturun gücləndirilməsi əsas prioritetlər kimi göstərilib.

Baş Plan demək olar ki, paytaxtın bütün rayonlarını əhatə edir və müəyyən zonalarda mərhələli söküntü və yenilənmə işlərinin aparılmasını nəzərdə tutur. Planın icrası investorların iştirakı və ya dövlət-özəl tərəfdaşlığı ilə həyata keçirilə bilər, bu isə işlərin başlanma vaxtını müəyyən edən əsas amillərdəndir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, söküntü nəticəsində ərazidə yeni yaşayış kompleksləri tikiləcəksə, layihələrin reallaşması üçün ya investorlara müraciət edilməli, ya da dövlət və özəl sektorun birgə iştirakı təmin olunmalıdır. O, bu prosesin nisbətən uzun çəkə biləcəyini vurğulayıb.

Plan üzrə ilk mərhələlərdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən ticarət və tikinti materialları bazarlarının ərazilərində söküntü işlərinin aparılması nəzərdə tutulur.

Bundan əlavə, Mərkəzi Parkın sahəsinin genişləndirilməsi, İçərişəhər metrosu ətrafının yenidən planlaşdırılması və Təzəpir məscidinin yaxınlığında abadlıq və yenilənmə işləri həyata keçiriləcək. Bayıl qəsəbəsi də söküntü və yenidənqurma prosesində ön sıralarda olacaq.

Binəqədi rayonunda Birinci, İkinci və Üçüncü mədən massivləri ilə yanaşı Biləcəri qəsəbəsi, xüsusilə Asəf Zeynallı küçəsi istiqamətində də söküntü və abadlıq işləri nəzərdə tutulub; ümumilikdə Binəqədi rayonunda digər rayonlarla müqayisədə daha çox binaların yenilənməsi planlanır.

Yasamal və Nəsimi rayonlarında sıx tikilmiş, köhnə iki mərtəbəli yaşayış binaları da söküntü siyahısına daxildir. Söküntü və yenidənqurma işlərinin Nizami, Xətai, Sabunçu, Suraxanı və Pirallahı rayonlarının müxtəlif hissələrini əhatə etməsi gözlənilir. Eyni zamanda, Sumqayıtda da genişmiqyaslı söküntü layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Hansı ərazilərdə işlərin nə vaxt başlayacağına investorlardan gələn maraq, dövlət büdcəsinin imkanları və həmin zonalar üçün nəzərdə tutulmuş abadlıq layihələri təsir göstərəcək.