Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Nəsimi rayonu, Ə.Quliyev küçəsi 114 ünvanında yerləşən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama aparıb.

Yoxlama zamanı istifadə olunan farş üçün tələb olunan müşayiətedici sənədlər təqdim edilməyib. Laborator analizlərinə götürülən nümunələrdə aparılan müayinə nəticəsində ətlərdə at DNT-si aşkar edilib.

Müəssisədə həmçinin izlənmə sisteminin tətbiq olunmadığı, sanitar-texniki və sanitar-gigiyenik normalara riayət edilmədiyi müəyyən edilib. Bu nöqsanlara görə sahibkar barəsində inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Müəssisənin fəaliyyəti qeyd edilən çatışmazlıqlar aradan qaldırılana qədər məhdudlaşdırılıb. Qeyd edilir ki, obyektin sahibi daha əvvəl — 2025-ci ilin may ayında keçirilən yoxlamada da at DNT-sinin aşkarlanması səbəbindən məsuliyyətə cəlb olunub.