Yeni Günəşli qəsəbəsinin D massivində, 29 saylı binanın yaxınlığında içməli su xəttində qəza qeydə alınıb. Hadisə nəticəsində həmin ərazidə su təchizatında fasilələr yaranıb.
Sakinlər hadisəyə etiraz edirlər və ərazidə su borularının tez-tez partladığını bildirirlər. Onların sözlərinə görə, ay ərzində borular təxminən 4-5 dəfə sıradan çıxır və bu səbəbdən içməli su saatlarla ətrafa axır, nəticədə böyük həcmdə itki baş verir.
Maraqlananlar boruların keyfiyyətsiz olduğunu və hər dəfə aparılan təmirlərin problemi köklü şəkildə aradan qaldırmadığını vurğulayırlar. Hər nasazlıqdan sonra həyata keçirilən bərpa işlərinin müvəqqəti olduğu ifadə edilir.
Su sızması ətraf mühiti də mənfi təsirə məruz qoyub: borudan axan su yol boyunca gölməçələr əmələ gətirir. Sakinlər bildirirlər ki, davamlı su sızması torpağın yumşalmasına gətirib çıxara və bunun nəticəsində çökmə və sürüşmə risklərini artırmış ola bilər.