Milli Məclisin deputatı Ceyhun Məmmədov dövlət başçısı İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibəni şərh edərkən ölkələrarası əlaqələrin əhəmiyyətini vurğulayıb.

Deputat qeyd edib ki, “Azərbaycan son illər Türk dövlətləri əlaqələrin inkişafına xüsusi önəm verir. Cənab Prezident son illər dəfələrlə Özbəkistanda səfərdə olub və Özbəkistan prezidenti də ölkəmizə səfər edib”.

C. Məmmədov Bakı və Daşkənd münasibətlərini strateji müttəfiqlik səviyyəsində qiymətləndirib və iki ölkə arasında sürətlə inkişaf edən münasibətlərin konturlarını açıqlayıb.

O bildirib ki, bu gün Azərbaycan və Özbəkistan qarşılıqlı investisiyalar qoyur: “Bu gün həm Azərbaycan Özbəkistana müxtəlif sahələr üzrə investisiyalar yatırır, həm də Özbəkistan həm Azərbaycana böyük investisiyalar etməkdədir. İki ölkə lideri arasında da yüksək səviyyəli münasibətlər var.”

Deputat həmçinin Özbəkistan şirkətlərinin Xankəndidə fəaliyyət göstərdiyini və ölkənin Füzulinin yenidən qurulması və inkişafına töhfə verdiyini vurğulayıb.

C. Məmmədov enerji, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın genişləndiyini, eləcə də təhlükəsizlik və hərbi sahədə qarşılıqlı əməkdaşlığın görüldüyünü bildirib.

O əlavə edib ki, dövlət başçısının müsahibəsində səsləndirilən fikirlər iki qardaş ölkə arasındakı əlaqələrin sürətlə irəlilədiyini bir daha təsdiqləyir və Türk dövlətləri ilə əlaqələrə xüsusi diqqətin olduğunu göstərir.