Bakı və Daşkənddə iki yeni parkın yaradılması ölkələr arasındakı qardaşlıq əlaqələrinin rəmzi olmaqla yanaşı, hər iki paytaxtın şəhər mühitinin inkişafında mühüm mərhələ hesab edilir.

Məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Özbəkistanın Daşkənd şəhər meri müavini Azizxon Şovkatov ilə keçirilən görüş zamanı müzakirə edilib. Görüşdə Komitənin sədr müavinləri Dövlətxan Dövlətxanov və İlqar İsbatov da iştirak edib.

Tərəflər şəhərsalma və memarlıq sahələrində əməkdaşlıq perspektivlərini, o cümlədən ərazi planlaşdırılması, dayanıqlı şəhər inkişafı və müasir şəhər mühitinin formalaşdırılması istiqamətlərində təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüş zamanı əsas diqqət Bakıdakı “Özbəkistan Parkı” və Daşkənddəki “Azərbaycan Parkı” layihələrinin icra vəziyyəti və gələcək mərhələlərinə yönəldilib. Bildirilib ki, hər iki park paytaxt sakinləri və şəhərə gələn qonaqlar üçün müasir istirahət məkanlarına çevriləcək.

Həmçinin görüşdə cari ilin mayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyəti vurğulanıb. Forum çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində təşkil edilmiş “Liderlər Seqmenti”ndə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakının şəhərsalma sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaratdığı qeyd edilib.