Paytaxtın müəyyən küçələrində yerləşən piyada keçidləri günün yoğun saatlarında nəqliyyatın uzun müddət dayanmasına gətirib çıxarır.

Problemin müşahidə edildiyi ünvənlərdən biri Kövkəb Səfərəliyeva küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsidir. Burada Kövkəb Səfərəliyeva istiqamətindən gələn avtomobillər əvvəlcə piyada keçidində yol verməli, daha sonra “Stop” (2.5 nişanı) qaydasına əməl etməli, sağa dönəndən sonra isə yenidən piyada keçidində haqqı olanlara yol verməlidirlər.

Belə təşkil edilmiş hərəkət sxemi xüsusilə səhər saatlarında təxminən 09:00 radələrində və axşam 18:00–20:00 aralığında həmin ərazilərdə davamlı tıxacların yaranmasına səbəb olur. Oxşar vəziyyət Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığındakı piyada keçidində də qeydə alınır; burada piyadalara yol verilməsindən dolayı nəqliyyatın hərəkəti ləngiyir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirir ki, Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində işıqfor qurulmasının mümkünlüyünü qiymətləndirmək üçün monitorinq aparılıb. Monitorinq zamanı müəyyən edilib ki, 28 May küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə sağa dönən nəqliyyat üçün yalnız bir hərəkət zolağı mövcuddur.

Mərkəzin rəyinə görə, həmin kəsişmədə işıqforun quraşdırılması zolaq sayı nəzərə alınmadan həyata keçirilərsə nəqliyyat vasitələrinin yığılmasına və hərəkət intensivliyinin artmasına səbəb ola bilər.