Bakı Ağır Cinayətlər Məhkəməsində Boulevard Hoteldə iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib və təqsirləndirilən şəxsə qarşı cəza təklifi verib. Prokuror Manafovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hökmdə qərara alınıb ki, Seymur Zafalı oğlu Manafov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilsin.

İstintaq materiallarına görə, hadisə 2026-cı ilin yanvarın 25-də Ağ şəhər bulvarında yerləşən Boulevard Hoteldə baş verib. Hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq həyatını itirib.

Araşdırmalar nəticəsində cinayət əməlini törədən şəxsin hotelin digər ofisiantı, 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov olduğu müəyyən edilib və o, polis tərəfindən saxlanılıb.

S.Manafov barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb və ona qarşı ittiham irəli sürülüb.