Sabunçu rayonunda 43 yaşlı kişi həyat yoldaşına qarşı zor tətbiq etməkdə ittiham olunub.
Hadisə onların birlikdə yaşadıqları evdə baş verib. Ordubad rayonundan olan, 1983-cü il təvəllüdlü Sakitlə arvadı Samirə arasında evin yataq otağında mübahisə yaranıb.
Mübahisənin səbəbi Qurban bayramı ilə əlaqədar Sakitin bacısı Esmiranın Sumqayıtda yerləşən evinə ailəlikcə getmək istəməsi və arvadın buna etiraz göstərməsi olub. Münasibətlər gərginləşdikdən sonra Sakit arvadına fiziki təzyiq göstərib.
Təqsirləndirilən şəxsin edilən izahatına görə, evdə baş verən münaqişə zamanı o, arvadını sağ əli ilə hər iki qol və döş qəfəsi nahiyələrinə, sağ ayağı ilə isə sol ayaq nahiyəsinə bir dəfə vurub. Hərəkət nəticəsində zərbələrdən müxtəlif dərəcəli bədən xəsarətləri alınıb.
Sakit izahatında 2015-ci ildə Samirə ilə ailə həyatı qurduğunu və onların iki oğul övladı olduğunu deyib. O, baş verənlərdən sonra arvadı tərəfindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verildiyini bildirib, ifadəsinin sonunda isə arvadı ilə barışdığını və əməlindən peşman olduğunu söyləyib.
Sabunçu Rayon Məhkəməsi Sakitə 1 200 manat məbləğində cərimə tətbiq edib.