14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX Böyük Hun-Türk Qurultayı təşkil olunub. Tədbir Macarıstanın "Turan" Fondu tərəfindən həyata keçirilib və TÜRKSOY-un dəstəyi ilə keçirilib.

Açılış mərasimində TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev və Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev iştirak ediblər. Bundan başqa, Budapeştdəki diplomatik korpusun nümayəndələri, eləcə də Türk dünyasından incəsənət nümayəndələri, alimlər və folklor ekspertləri tədbirdə yer alıblar.

Azərbaycanı qurultayda Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Qorqud" folklor ansamblı təmsil edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Nuriyyə Hüseynova və solist Çilənay Hüseynova müxtəlif bəstəkar və xalq mahnılarını səsləndiriblər. Onların ifasını Əməkdar artistlər Təranə Əliyeva (qanun) və Fəzilə Rəhimova (çəng), eləcə də Rüstəm Müslümov (tar), Ceyhun Muradov (kamança) və Əkbər Məmmədov (nağara) müşayiət edib.

Ansamblın rəngarəng proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və böyük maraq doğurub.

Üç gün davam edən etnofestival çərçivəsində konsertlər, süvari paradları, köçəri həyat tərzi və qədim döyüş sənəti nümayişləri, sənətkarlıq sərgiləri, eləcə də arxeologiya və antropologiya sahələrində elmi iclaslar keçirilib.

Qurultay iki ildən bir keçirilir və türk xalqları ilə onların diaspor təşkilatları arasında əlaqələrin daha da gücləndirilməsinə yönəlib.