Bakı şəhərində, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus "İbrahim Tatlışiş" kabab evində Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi yoxlama zamanı nümunələr götürülüb.

Laborator müayinələrin nəticəsinə görə, götürülən ət nümunələrində atın DNT-si müəyyən edilib. Yoxlama zamanı müəssisədə izlənmə sisteminin tətbiq olunmadığı, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl edilmədiyi də aşkar edilib.

Mövzu ilə bağlı şərh verən qida eksperti Fərid Səfərov deyib ki, bu hallar, xüsusən aşağı qiymətə satılan kabablarla bağlı suallar yaradır. O bildirib ki, kababın 3 manata satılması tərkibində mütləq at əti olduğu mənasına gəlmir.

Ekspert əlavə edib ki, belə riskin yalnız bir müəssisə ilə məhdudlaşdığını düşünmək düzgün deyil. Xammalın haradan alındığı, qiyməti, mənşəyinin sənədlərlə təsdiqlənməsi və ətin izlənməsi mühüm əhəmiyyət kəsb edir. Müxtəlif heyvanların ətlərinin qarışdırılması və ya məhsulun etiketdə göstəriləndən fərqli təqdim olunması qida saxtakarlığı hesab olunur.

Fərid Səfərov qeyd edib ki, digər ucuz kababxanalarda oxşar hallar olub-olmadığını yalnız nəzarət tədbirləri və laborator müayinələr müəyyən edə bilər. İstehlakçılar üçün əsas meyarlardan olduğunu bildirdiyi məsələlər arasında ətin mənşəyinin məlumluğu, baytarlıq və sanitariya sənədlərinin varlığı, izlənmə sisteminin mövcudluğu və sanitar-gigiyenik qaydalara riayət olunması yer alır.

Ekspert xəbərdarlıq edib ki, mənbəyi bilinməyən və saxlanma, hazırlanma şəraiti şübhəli olan məhsullardan çəkinmək lazımdır. Ətin növünü yalnız gözlə və ya dadla dəqiq müəyyən etmək mümkün olmadığından növ müəyənləşdirməsi laborator DNT analizləri ilə həyata keçirilir.