Bakı şəhərində Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən "İbrahim Tatlışiş" kabab evində yoxlama aparılıb. Obyekt fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsusdur.
Keçirilən yoxlama zamanı müəssisədə istifadə edilən farş üçün keyfiyyət və təhlükəsizlik sənədləri təqdim edilməyib. Nümunə götürülən məhsulların laborator müayinəsi nəticəsində ətlərdə at DNT-si aşkar edilib.
Bundan başqa, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi və sanitar-texniki, habelə sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən edilib. Bu səbəbdən sahibkara inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
Müəssisənin fəaliyyəti müəyyən edilən nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Qeyd olunur ki, həmin obyektdə 2025-ci ilin may ayında da oxşar şəkildə at DNT-sinin aşkarlanması faktı qeydə alınmışdı.