Bakının Nərimanov rayonunda 1992-ci il təvəllüdlü Nahid adlı şəxs arvadı Zəhraya xəsarət yetirib.

Hadisə bu ilin mayın 7-də, saat 21:30 radələrində fərdi tikili evdə baş verib. Füzuli rayon sakini hesab edilən Nahid həmin gecə evə gəldiyi zaman arvadı ilə mübahisə edib.

Mübahisə şəxsi münasibətlər zəminində başlayıb. Proses zamanı təqsirləndirilən şəxs Zəhranın burun nahiyəsinə kəllə ilə bir dəfə zərbə vurduğunu və daha sonra sağ əlindən əl ilə vurduğunu bildirib. Bu hərəkətlər səbəbindən ona Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə ittiham elan olunub.

İstintaq zamanı Nahid bildirib ki, o və Zəhra 2013-cü ildə rəsmi nigaha daxil olublar və nikahdan iki övladı var. Onun sözlərinə görə, əvvəllər münasibətlər normal olub, lakin sonradan Zəhranın ona qarşı hörmətsiz davranması münasibətləri korlayıb. Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, hadisədən təxminən üç ay əvvəl evə gəlmədiyini və hazırda sürücü kimi çalışdığını söyləyib.

Nahidin verdiyi açıqlamada hadisə günü rayona yük apardığını, sonradan evə adapter götürmək üçün qayıtdığını və uşağın ağlaması üzündən mübahisənin alovlandığını ifadə edib. O bildirib ki, uşaq anasının qonşuda olduğunu deyəndə Zəhra bunu eşidib və aralarında söz davası yaranıb. Nahid əlavə edib ki, mübahisə zamanı özünü saxlaya bilməyərək Zəhraya fiziki təzyiq göstərib. O, pis vərdişlərinin olmadığını, içki və narkotik vasitə istifadə etmədiyini vurğulayıb.

Zərərçəkmiş Zəhra deyib ki, əvvəllər münasibətlər normal olub, lakin zamanla pisləşdiyi üçün boşanmaq qərarı veriblər və iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət ediblər. Hadisə günü uşaqlar yemək yeyərkən Nahidin onları aparmadığını görüb ağlamasına görə ona narazılıq bildirib. Zəhra bildirib ki, qonşuluqda yaşayan Nahidin bibisi qızı hər axşam onunla birlikdə idman edirmiş və həmin gün də uşaqlar orada olublar.

Zəhranın sözlərinə görə, Nahidin gəlməsindən sonra aralarında təhqirlər səslənib və Nahid onun üzərinə gələrək burun bölgəsindən bir dəfə kəllə ilə, həmçinin sağ əlindən vurub. O, olaydan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Nahid bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən, cəza müddətində o, Bakı şəhərinin sərhədlərini tərk edə bilməz və hər gecə saat 22:00-dan səhər 07:00-dək yaşadığı evi tərk etməsi qadağan edilib.

Bundan əlavə, məhkəmə qərarında Nahidin elektron nəzarət vasitəsini daşıması, cihazın işlək vəziyyətdə saxlanılması üçün tədbirlər görməsi, məhkəmə icazəsi olmadan yaşayış yerini dəyişdirməməsi və cəzanın icrasına nəzarət edən orqana hər hansı iş və ya təhsil yeri dəyişiklikləri barədə əvvəlcədən məlumat verməsi tapşırılıb.