Bakının Sabunçu rayonunda 48 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilib.

1978-ci il təvəllüdlü Maqsud evdə birlikdə yaşadığı Arzu ilə mübahisə zamanı fiziki təcavüz tətbiq edərək onun üz nahiyəsinə bir neçə dəfə yumruq vurub. Nəticədə zərərçəkmişin burnu və hər iki gözyuvasıaltı nahiyəsində qançırla müşayiət olunan xəsarətlər yaranıb.

Faktla bağlı Maqsud barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs zərərçəkənlə barışdığını bildirib, zərərçəkmiş də ərinə qarşı şikayəti və tələb qoymadığını təsdiqləyib.

Sabunçu Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edərək cinayət işi üzrə icraata xitam verib.