Bakıda 2023-cü ilin fevralın 4-də baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı təqsirləndirilən Gülnarə Eynullayevanın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən yekun iclasda prokuror təqsirləndirilənə 3 il sürücülük hüququndan məhrum etməklə 8 il müddətinə azadlıqdan məhrum edilməyi tələb edib.

Müşavirədən sonra elan edilən hökmə əsasən, Gülnarə Rasim qızı Eynullayeva 3 il sürücülük hüququndan məhrum edilərək 6 il 9 ay 3 gün azadlıqdan məhrum edilib.

Hadisə Nərimanov rayonunda, Z.Bünyadov prospektində qeydə alınıb. Məlumata görə, 1981-ci il təvəllüdlü Eynullayeva idarə etdiyi avtomobildə nəzarəti itirərək yolayrıcı səddi aşıb və əks istiqamətdə hərəkət edən 1990-cı il təvəllüdlü Səid Elmar oğlu Qurbanovun idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşma nəticəsində Səid Qurbanov hadisə yerində ölüb. Qəzada şübhəli bilinən sürücü ilə onun sərnişinləri — 2000-ci il təvəllüdlü Nicat Arzu oğlu Bağırov və 1981-ci il təvəllüdlü Səbuhi İslam oğlu Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi açılmışdı.