Bakının Nizami rayonunda cinayət işi üzrə məhkəmə hökmü ilə qadın 1 000 manat məbləğində cərimə edilib.
İstintaq materiallarına görə, Tərtər rayonundan olan, 1997-ci il təvəllüdlü Leyla keçmiş əri Mahirin yaşadığı ünvana gəlib və ondan üç azyaşlı övladını götürmək istəmişdir. Bu ünvanda tərəflər arasında mübahisə yaranıb.
Hadisə zamanı Mahir iddia edib ki, Leyla onun yaşadığı mənzildə uşaqları görüb, bununla bağlı narazılıq ifadə edib və aralarında sözlü mübahisə olub. Mahir qeyd edib ki, mübahisə əsnasında Leyla onun üzünə şillə vurub və dırnaq ilə sifətində xəsarət yetirib.
Leyla isə ona qarşı irəli sürülən ittihamı rədd edib. O, ifadəsində bildirib ki, Mahirlə rəsmi nikahları olmasa da, 7 il birlikdə yaşayıb və həmin münasibətdən üç övladı var. Leyla qeyd edib ki, onlara 5 il əvvəl ayrılıb və övladlar hazırda onun yanında yaşayır.
Təqsirləndirilən şəxsin izahına görə, o, uşaqları götürmək məqsədilə Mahirin yaşadığı ünvana gedib, əvvəlcə Mahirin anası ilə telefonla əlaqə saxlayıb və uşaqları götürəcəyini bildirib. Qapını döydükdə qapının açıldığı, sonradan Mahirin uşaqları verməkdən imtina etdiyi və onu sinəsindən itələdiyi vurğulanıb. Leyla özünü müdafiə məqsədi ilə əl atdığını və dırnağı ilə Mahirin üzünü cızdığını deyib.
Zərərçəkmiş Mahir isə iş üzrə ifadəsində qadının yeni kirayə mənzildə pişik olması səbəbilə uşaqları ora aparmasına sərt etiraz etdiyini, daha sonra telefonla mübahisə etdiklərini və Leylanın gecə saatlarında onların yaşadığı ünvanə gələrkən üzünə şillə vurduğunu bildirib. O, təqsirləndirilənlə barışmadığını ifadə edib və dövlət ittihamçısının tələb etdiyi cərimə cəzasını uyğun hesab etdiyini söyləyib.
İş üzrə Leylaya Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə ittiham elan edilib. Nizami Rayon Məhkəməsi hökmü ilə təqsirləndirilənə 1 000 manat məbləğində cərimə tətbiq olunub.