Bakının Suraxanı rayonu, Yeni Günəşli “D” yaşayış massivində iri gövdəli ağacın aşması nəticəsində bir qadın ağır xəsarət alıb.

Hadisənin zərbələnən şəxsi həmin ərazidə yaşayan 1968-ci il təvəllüdlü Xudiyeva Rübabə Ümid qızıdır. O, təcili tibbi yardım tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

İlkin məlumata görə, Rübabə Xudiyevanın ayağı və onurğasında sınıqlar müəyyən edilib, onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin baş verdiyi məkan və ağacların əvvəlki vəziyyəti ilə bağlı sənədlər bir sıra suallar doğurur. Məlumatlara görə, söhbət Yeni Günəşli “D” yaşayış sahəsi, 27 saylı binanın şimal hissəsində yerləşən və “Etibarlı” MTK tərəfindən 2 bloklu 9 mərtəbəli yaşayış binalarının tikintisinin planlaşdırıldığı ərazidən gedir.

Tikinti layihəsinin həyata keçirilməsi üçün həmin ərazidəki bəzi yaşıllıqların köçürülməsi barədə ötən ilin sonunda rəsmi prosedur başlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin 24 dekabr 2024-cü il tarixli rəyində ərazidə olan 2 tut, 1 əncir ağacının və 14 kol bitkisinin — 8 nar, 1 heyva və 5 iydənin kökündən çıxarılaraq başqa yerdə əkilməsinə razılıq verilib.

Sənəddə həmin ağacların məhv edilməsindən yox, başqa sahəyə köçürülməsindən söhbət gedir. Eyni zamanda ekoloji rəy ərazidəki 2 şam və 1 ikigövdəli qovaq ağacının qorunmasının “Etibarlı” MTK-nın öhdəliyində olduğunu göstərir.

Qaraçuxur Bələdiyyəsi 27 dekabr 2024-cü il tarixli sərəncamla yaşıllıqların köçürülməsinə qərar verib. İşlər daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən davam etdirilərək müəyyən ağacların köçürülməsi həyata keçirilib.

Sakinlər bildirirlər ki, həmin ərazidəki iri ağaclar uzun illər əvvəl məhz sakinlər tərəfindən əkilib və əvvəl sağlam vəziyyətdə olub. Onların iddiasına görə, tikinti layihəsinə düşən və köçürülməsinə icazə verilən ağaclar başqa sahəyə daşınıb, amma iri gövdəli bəzi ağacların köçürülməsi mümkün olmadığından onlar tikinti sahəsində qalıb.

Sakinlər həmçinin bəzi ağacların sonradan quruduğunu və bunun təbii proses olmadığını, tikintiyə maneçilik yaratdığı üçün məqsədli şəkildə məhv edilə biləcəyini iddia edirlər. Bu iddianın rəsmi qurumlar tərəfindən hələ təsdiqlənmədiyi bildirilir.

Hadisə bir sıra suallar yaradır: təhlükəli vəziyyətdə olan ağac niyə vaxtında müəyyən edilməyib və köçürülmə ərəfəsində zəruri tədbirlər görülməyib? Əgər ağac qurumuşdusa, niyə insanların hərəkət etdiyi ərazidə saxlanılıb? Xüsusi diqqətə layiqdir ki, bu ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qaraçuxur Bələdiyyəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nəzarətində olub və ağacların bir hissəsinin köçürülməsi, digər hissəsinin isə qorunması ilə bağlı qərarlar qəbul edilib.

Məsələ ilə bağlı “Etibarlı” MTK-nın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və Qaraçuxur Bələdiyyəsinin mövqeləri öyrənilməyə çalışılır.