Türkiyənin Daxili İşlər Nazirliyi Azərbaycan ərazisində saxlanılan bir şəxsin Türkiyəyə gətirilməsi ilə bağlı açıqlama yayıb.
Məlumata görə, Ö.A.K. adlı şəxs iş yerlərinin güllələnməsi və iş adamlarından hədə-qorxu yolu ilə pul tələb edilməsi halları üzrə axtarışda olub və Bakı şəhərində nəzarət altına alınaraq sonradan Türkiyəyə təhvil verilib.
Əməliyyatın planlaşdırılması və icrası Türkiyənin Baş Polis İdarəsinin KOM İdarəsi və Baş Prokurorluqların koordinasiyası çərçivəsində, İstanbul Polisinin Organize Cinayətkarlıqla Mübarizə Şöbəsi ilə Azərbaycan polisinin birgə fəaliyyəti vasitəsilə həyata keçirilib.
Araşdırmalar zamanı Ö.A.K.-nin “yeni nəsil” adlı cinayət şəbəkəsinin üzvləri ilə əlaqəli olduğu, iş yerlərinin güllələnməsi və hədə-qorxu ilə pul tələb etməyə yönəlmiş cəhdlərdə rol aldığı müəyyən edilib.
Şəxsin üzərinə iki ayrı lisenziyasız odlu silah və sursat əldə etmə və daşıma ittihamı, narkotik və ya psixotrop maddələrdən istifadə məqsədilə alma, qəbul etmə, saxlama və istifadə etmə ittihamı, eləcə də “qəsdən adam öldürmə” maddəsi ilə axtarış qərarı mövcud olub.
Nazirlik bildirib ki, saxlanılan şəxs hazırda həbsdədir və onun Türkiyəyə gətirilməsi təmin olunub. Eyni zamanda, təşkilatlanmış cinayətkarlığa və şəhər quldurluğuna qarşı mübarizənin həm ölkə daxilində, həm də sərhədlərdən kənarda davam etdiriləcəyi vurğulanıb.
Türkiyə tərəfi əməliyyatda iştirak edən polislərə təşəkkürünü bildirib və Azərbaycan hüquq mühafizə orqanlarına əməkdaşlığa görə minnətdarlıq ifadə edib.