Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi rəqəmsal mühitdə cinayətlərin qarşısını almaq məqsədilə növbəti əməliyyat keçirib.
Əməliyyat-texniki araşdırmalar nəticəsində sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə bənzər saxta veb-səhifələr hazırladığı müəyyən edilən Elcan Cəfərov tutulub.
Təqsirləndirilən şəxsin saxta səhifələri daha çox istifadəçi cəlb etmək üçün sosial şəbəkələrdə və “WhatsApp” qruplarında yayımladığı bildirilib. Bu səhifələrə daxil olan vətəndaşlardan kredit verilməsi adı ilə bank kartı nömrəsi, istifadə müddəti, CVV/CVC və SMS-OTP kimi təhlükəsizlik kodları tələb edilib.
Araşdırmalara görə, əldə edilmiş məlumatlardan istifadə etməklə kartlardakı pullar digər şəxslərə məxsus hesablar vasitəsilə çıxarılıb və nağdlaşdırılıb.
Faktla bağlı Baş İdarədə cinayət işi açılıb. E. Cəfərov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və ona qarşı cinayət məsuliyyəti tətbiq edilir.
Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə rastlaşdıqları kredit elanları və digər maliyyə təkliflərini diqqətlə yoxlasınlar, xidmət göstərən qurumun qanuni fəaliyyətini təsdiqləsinlər və bank kartı məlumatlarını, xüsusilə CVV/CVC və SMS vasitəsilə gələn OTP kodlarını tanımadıqları şəxslərə və ya şübhəli internet səhifələrinə verməsinlər.
Həmçinin bildirilir ki, banklar və dövlət qurumları telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PIN, CVV/CVC və SMS-OTP kimi məxfi məlumatları tələb etmirlər və kiberdələduzluq şübhəsi olduqda dərhal polisə məlumat verilməsi tövsiyə olunur.