“Baku Medical Plaza”da qeysəriyyə əməliyyatdan sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.
Məlumatlara görə, əməliyyatdan sonra beyninə qan sızması nəticəsində 20 gün komada qalan Şəhlanın xilas edilməsi mümkün olmayıb. Yenidoğulmuşun vəziyyətinin normal olduğu bildirilir.
Ş.Quliyeva “Azərbaycan Supermarket” MMC-də təchizat üzrə mütəxəssis işləyib.
Ailəsi bildirir ki, əməliyyatdan sonra onun səhhəti qəfil pisləşib və ginekoloq Təravət Hümbətovanı günahlandırıblar. Onların verdiyi məlumata görə, əməliyyatdan təxminən 20 saat sonra Şəhlanın arterial təzyiqi kəskin artaraq 200-ü keçib və nəticədə beyin kötüyünə güclü qan sızması baş verib. Hadisə zamanı beyin kötüyünün ciddi zədələnməsi səbəbindən xəstəyə beyin ölümü diaqnozu qoyulub.
“Tibbi müəssisənin” açıqlamasına görə, xəstə hamiləliyinin 22-ci həftəsində müraciət edib və müayinə nəticəsində tibbi nəzarətə götürülüb. İyulun 28-də müvafiq göstərişlərə və protokollara əsasən qeysəriyyə əməliyyatı həyata keçirilib.
Əməliyyatdan sonrakı dövrdə pasiyentdə kəskin başağrısı və qıcolma müşahidə olunub. Aparılan əlavə müayinələrdə III dərəcəli mitral qapaq çatışmazlığı aşkar edilərək vəziyyətinin qiymətləndirilməsi üçün həkim konsiliumu çağırılıb. Konsilium pasiyentin cari klinik vəziyyətini cərrahi müdaxilə üçün uyğun saymayıb.
Hazırda onun müalicəsi reanimasiya şöbəsində multidissiplinar tibbi heyətin nəzarəti altında davam etdirilib, yenidoğulmuş da uyğun tibbi nəzarət altındadır.