Türkiyənin Balıkəsir, Bursa və Bolu bölgələrində ayrı-ayrı ərazilərdə meşə yanğınları başlayıb.

Balıkəsir vilayətinin Sındırgı rayonunda yanğının, ehtimal ki, sisternin alışması nəticəsində başladığı və qısa müddətdə meşəlik əraziyə keçdiyi bildirilir. Hadisə yerində 4 təyyarə, 2 helikopter və çox sayda yanğınsöndürən maşınla alovla mübarizə aparılır, yanğının qarşısının alınması üçün fasiləsiz işlər davam edir.

Bursanın Mudanya rayonunda meşə kənarında, Çəkricə Məhəlləsi yaxınlığında səbəbi hələ müəyyən edilməyən yanğın qeydə alınıb. Həm havadan, həm də qurudan müdaxilə edilir və yanğınsöndürmə briqadaları lokallaşdırma işlərini davam etdirirlər.

Bolunun mərkəzinə yaxın meşəlik ərazidə də səbəbi məlum olmayan yanğın meydana çıxıb. Yanğınsöndürmə briqadalarının operativ müdaxiləsi nəticəsində alovun daha da yayılmasının qarşısı alınıb və hazırda xilasetmə qrupları bölgədə soyutma tədbirləri həyata keçirir.