Balıkesir Universitetinin Atatürk Konqres və Mədəniyyət Mərkəzində keçirilən Beynəlxalq Akademiklər, Jurnalistlər və Media Nümayəndələri Forumu “Mədəniyyət, Media və Süni İntellekt Oxunda Rəqəmsal Gələcək” mövzusuna həsr olunub. Tədbir təşkilatçı olaraq Balıkesir Jurnalistlər və Yazıçılar Cəmiyyəti tərəfindən reallaşdırılıb.
Forum Türkiyə, Azərbaycan və Özbəkistan daxil olmaqla bir neçə ölkədən akademiklər, jurnalistlər, media rəhbərləri və peşəkar media təşkilatlarının nümayəndələrini bir araya gətirib. Müzakirələrdə mədəniyyət marşrutlarının tanıdılması, akademik araşdırmaların ictimaiyyətə çatdırılması, ənənəvi medianın problemləri, rəqəmsal jurnalistikanın perspektivləri, süni intellektin jurnalistikaya təsiri və türk dünyasında media əməkdaşlığının gücləndirilməsi əsas mövzular olub.
Tədbirdə çıxış edənlər arasında Prof. Dr. Zakir Avşar, Dr. Süleyman Basa, Yılmaz Karaca, İsmail Kahraman, Cengiz Aksan, Adem Erdağ, Vedat Gündoğan, Ercihan Çakmak, Aqil Ələsgər, Erdoğan Kahya, Şuhrat Oripov, Hacıbəy Heydərli, Fərid Şahbazlı, Kemal Soylu, Dılnura Mamasafoyeva, Fatima Mukhitdinova və Gulnoza Murodova yer alıb.
Prof. Dr. Zakir Avşar rəqəmsallaşmanın xəbər istehsalı, yayımı və istehlakında köklü dəyişikliklər yaratdığını vurğulayıb. O, medianın yalnız məlumat ötürən qurum olmaqdan çıxaraq cəmiyyətlərin mədəni yaddaşı və kimliklərinin daşıyıcısına çevrildiyini, mədəni əlaqələrin gücləndirilməsində media və yeni kommunikasiya texnologiyalarından daha səmərəli istifadə imkanlarının olduğunu qeyd edib.
Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu süni intellektin həm imkanlar, həm də potensial təhdidlər yaratdığını söyləyib və tarix, mədəniyyət və coğrafiya sahəsində akademik işlərin media vasitəsilə geniş auditoriyalara çatdırılmasının vacibliyini qeyd edib.
TİMBİR-in sədri Dr. Süleyman Basa rəqəmsal dövrdə jurnalist etikasının rolunun artdığını, yanlış məlumatın sürətlə yayıldığını və süni intellektin çoxlu məzmun yarada bildiyini diqqətə çəkib. O, süni intellekti jurnalistin rəqibi yox, dəstəkləyicisi kimi qiymətləndirib və etibara xüsusi önəm verib.
Türkiyə Jurnalistlər Federasiyasının başqanı Yılmaz Karaca Anadolu medianın jurnalistika peşəsinin təməl daşlarından olduğunu qeyd edərək qəzetlərin iqtisadi çətinliklərlə üzləşdiyini, kağız və yayım xərclərinin qəzetlərin davamlılığına təsir etdiyini və ənənəvi medianın dəstəklənməsi üçün həll yollarının vacib olduğunu vurğulayıb.
Aqil Ələsgər forumda Türk dünyası üçün davamlı media əməkdaşlığı ideyasını irəli sürərək, yalnız toplantı və forumlarla məhdudlaşmayan, ilin 365 günü fəaliyyət göstərəcək peşəkar media iş mexanizminin yaradılmasını təklif edib. O, təklif edilən mexanizmə “Türk Dünyası Media İşçi Qrupu”nun daxil edilə biləcəyini bildirib.
Ələsgərin təklifinə əsasən yaradılacaq struktur çərçivəsində ortaq rəqəmsal məzmun bazası formalaşdırmaq nəzərdə tutulur. Bu baza xəbərlər, videolar, fotolar, sənədli filmlər, müsahibələr və analitik materialları əhatə edə bilər və iştirakçı media qurumları həmin məzmunlardan öz yayım siyasətlərinə uyğun istifadə edə bilərlər.
Təklifdə həmçinin süni intellekt əsasında məzmunların müxtəlif türk dillərinə və dünya dillərinə sürətli çevrilməsi üçün infrastrukturdan yararlanılması, ortaq video və podkast layihələrinin hazırlanması, sosial media kampaniyaları və gənc jurnalistlərin prosesə cəlb edilməsi kimi addımlar yer alıb. Bu yanaşmanın rəqəmsal diplomatiya baxımından Türk dünyasının ortaq mesajlarını geniş auditoriyalara çatdırmağa xidmət edəcəyi vurğulanıb.
Özbəkistan Jurnalistlər Birliyinin sədri Şuhrat Oripov Türkiyənin tarix və mədəniyyətinin türk dünyası üçün əhəmiyyətini qeyd edib və ölkələr arasında mədəni, media və peşəkar əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb.
Forumda akademiya ilə medianın qarşılıqlı əlaqələrinin gücləndirilməsi və səsləndirilən ideyaların yalnız salonlarla məhdudlaşmaması barədə fikir bildirilib. Balıkesir Jurnalistlər və Yazıçılar Cəmiyyətinin sədri Semra Aman Akyürek tədbirin müxtəlif ölkələrdən iştirakçıları bir araya gətirməsinin əhəmiyyətini qeyd edib və forumda müzakirə olunan mövzuların praktik layihələrə çevrilməsinin vacibliyini vurğulayıb.
Tədbir mədəniyyət, media və süni intellekt sahələrində etik və profesional yanaşmaların önəmini, ənənəvi medianın problemlərinin həllinə ehtiyacı və Türk dünyasında fasiləsiz media əməkdaşlığının zəruriliyini əsas mesajlar kimi bir daha təsdiqləyərək, iştirakçıların kollektiv xatirə fotosunun çəkilməsi ilə tamamlanıb.