Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmünə qarşı apellyasiya protesti verilməsini planlaşdırır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı müvafiq şikayət proseduru həyata keçiriləcək.
İstintaq materiallarına əsasən, Həsənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdi.
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror çıxışında Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Bakı Hərbi Məhkəməsi isə Həsənov Rasim Əlövsət oğlunun əməllərini Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri üzrə qiymətləndirərək ona 7 000 manat məbləğində cərimə kəsib; həbsdə olduğu müddət nəzərə alınmaqla cərimə 5 000 manata endirilib.
Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra Baş Prokurorluq tərəfindən apellyasiya protestinin verilməsi məsələsi həll olunacaq.