Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınması, həmçinin terrorçuluğa açıq çağırışlar edilməsi üzrə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
İstintaq zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşları — telekanal aparıcısı jurnalist Knyazev İvan Andreyeviç, siyasi məsləhətçi və media ekspert kimi təqdim olunan Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti, Rusiya nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə “YouTube” platformasında “Семён Уралов” kanalında yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiqinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar etdiklərinə dair əsaslı şübhələr yaradıb.
Həmin şəxslər haqqında əlavə olaraq 13 avqust 2026-cı il tarixdə eyni kanalda yayımlanan verilişdə ölkəyə qarşı zorakı üsullardan istifadə edilməsi, müəyyən şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılmasına dair fikirlər səsləndirmələri üzündən terrorçuluğa açıq çağırışlar irəli sürüldüyü müəyyən edilib.
Faktla bağlı Baş prokuror tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanıb və ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində ittihamlar irəli sürülərək, onlar Azərbaycan ərazisindən kənarda olduqlarına görə axtarışa verilib və məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycanın ixtiyarına verilməsi məqsədilə aidiyyəti dövlət orqanlarına müraciətlər edilib; həmçinin onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili üçün zəruri tədbirlər görülüb.
Baş Prokurorluq bildirir ki, Azərbaycan Respublikasının suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyünə qarşı yönəlmiş qanunsuz əməllərə münasibətdə milli qanunvericilik və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi tədbirlər davam etdiriləcək.