Dəmir yolu ilə xam neft, mazut, dizel yanacağı və kerosin daşıyan çən tipli vaqonlar növbəti yükə çıxmazdan əvvəl xüsusi təmizləmə prosedurundan keçirilir.
Bu əməliyyat “Azərbaycan Dəmir Yolları” QSC‑nin Biləcəri yuyucu‑buxarlayıcı stansiyasında aparılır. Stansiya 1936‑cı ildən fəaliyyət göstərir və həm tünd, həm də açıq kəmiyyətli neft məhsullarını daşıyan çən vaqonların yuyulması və buxarla təmizlənməsini həyata keçirir.
Hər bir çən vaqonun yuyulma metodu eyni olmur. Prosesin tipi və davametmə müddəti əvvəl orada daşınmış məhsulun — xam neft, kerosin, mazut, dizel yanacağı və ya TS‑1 — növündən asılı olaraq müəyyən edilir. Çənlərin daxili divarlarında qalan neft qalıqları həm mexaniki yuma, həm də buxarlama vasitəsilə təmizlənir.
Yuma zamanı yaranan çirkli su birbaşa tullantı hesab edilmir. Belə su qapalı drenaj sistemi vasitəsilə flotator adlanan xüsusi təmizləyici qurğuya yönləndirilir. Flotatorda su neft qalıqlarından ayrılaraq təmizlənir və sonradan yenidən çənlərin yuyulmasında istifadə olunur, sudan ayrılmış neft qalıqları isə emala göndərilir.
Statistik göstəricilərə görə, Biləcəri stansiyasında 2025‑ci il ərzində 3 374 çən vaqon, 2026‑cı ilin ilk 7 ayında isə 1 861 çən vaqon yuyulub.
Bu təcrübə su resurslarının təkrar istifadəsi və neft tullantılarının emala yönəldilməsi ilə əməliyyatların səmərəliliyini artırmağı və ətraf mühitə mənfi təsiri azaltmağı hədəfləyir.