Biləsuvar rayonunun Nərimankənd kəndində kişi həyat yoldaşını döyərək bədənində siqaret söndürüb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Mirzə Qulamov evə gələndə arvadını tapa bilməyib. Məlum olub ki, qadın əkin sahəsinə işləməyə gedib və ondan icazə almayıb.
Mirzə Qulamov arvadını çağırıb və onların arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi həyat yoldaşına fiziki zor tətbiq edərək ona müxtəlif bədən xəsarətləri yetirib, daha sonra siqareti yandırıb və qadının sağ və sol qolunda, bədənində yanıq xəsarətləri əmələ gətirib.
Hadisə barədə polisə məlumat verilib, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və M.Qulamov saxlanılıb. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.
Biləsuvar Rayon Məhkəməsində keçirilən proses zamanı təqsirləndirilən şəxs ilə zərərçəkən arasında barışıq əldə olunduğundan cinayət işinə xitam verilib.