Binəqədi rayonunun 9-cu mikrorayonunda, Mir Cəlal küçəsindəki yaşayış binasının sakinləri uzun illərdir mənzillərinin çıxarışını ala bilmədiklərini iddia edirlər.
Sakinlərin bildirdiyinə görə, onlar mənzilləri əvvəllər alıblar, lakin kommunal xidmətlərlə bağlı bəzi sənədlər hələ də onların adına rəsmiləşdirilməyib. Bir nəfər deyib ki, obyekti 2016-cı ildə əldə edib və məsələnin həll olunacağına dair təkrar vədlər verilsə də, nəticə yoxdur.
Başqa bir sakin isə binaya aid qaraj yerlərində avtomobil saxlanılmasında problemlə üzləşdiklərini bildirib. O qeyd edib ki, binada nəzərdə tutulan avtomobil yerlərinin sayı mənzillərin sayına yaxın olsa da, həmin yerlərdən başqa şəxslər də istifadə edir.
Sakinlərdən biri komendantın digər binanın sakinlərinə pul qarşılığında yer verdiyini, özlərinə isə yer olmadığını söylədiyini vurğulayıb. Çıxarışın olmaması səbəbindən avtomobili yolda saxlamağa məcbur qaldıqlarını və yaşayışlarını hüquqi sənədlərlə təsdiq edə bilmədiklərini deyib.
Eyni sakin iddia edib ki, əgər özü öləndən sonra hüquqi sənədlər həll olunmasa, yaşadığı ev MTK-nın adına qalacaq, bu da onların mülkiyyət hüququna təsir edəcək.