Ahıska türklərinin 1944-cü ildə doğma yurdlarından çıxarılaraq Mərkəzi Asiyanın müxtəlif bölgələrinə sürgün edildiyi, bu çətin yolçuluqda minlərlə insanın həyatını itirdiyi və ailələrin parçalandığı tarixə vurğu edilib.
Eyni zamanda, bu xalqın dilini, mədəniyyətini, ənənələrini və mənsubiyyət duyğusunu qorumaqda davam etdiyi qeyd edilib. Bu baxımdan onların hekayəsi təkcə sürgünün deyil, müqavimətin, həmrəyliyin və möhkəm tarixi yaddaşın nümunəsi kimi dəyərləndirilib.
Türkiyənin Bakıdakı səfiri Birol Akgün “Ahıska Türkləri İtirilmiş Sürgünün İzində” adlı sərginin açılış mərasimində çıxış edib və sərginin əvvəlcə İstanbul Atatürk Mədəniyyət Mərkəzində, sonra isə Bakıda nümayiş olunduğunu söyləyib.
Akgün bildirib ki, sərgi 14 noyabr 2026-cı ildə, Ahıska türklərinin sürgününün 82-ci ildönümündə Ankarada, tarixi Ankara dəmir yolu vağzalında ziyarətçilərə təqdim ediləcək və 2027-ci ildə müxtəlif ölkələrdə nümayişi planlaşdırılır.
Səfir sərginin Türk dünyasının ortaq tarixini və yaddaşını qorumaq niyyətinə işarə etdiyini vurğulayıb. O, keçmişdə baş verən acıların xatırlanmasının məqsədinin tarixi yaddaşı qoruyub bənzər faciələrin təkrarlanmaması üçün məsuliyyəti gələcək nəsillərə ötürmək olduğunu qeyd edib.
Akgün çıxışını Ahıska türklərinin yaşadıqlarının unudulmamasının və bunu gələcək nəsillərə çatdırmağın vacib məsuliyyət olduğunu bildirərək tamamlayıb.