Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti avqustun 14-də Böyükşor gölündən su nümunələri götürərək araşdırma aparıb.

Analizlər göstərib ki, götürülən nümunə kəskin iyli, yaşıl rəngli, qatı və çətin çökən maddə formasında olub.

Mikroskopik yoxlamalar zamanı nümunədə həddindən artıq göy-yaşıl yosunlar — cyanobacteria aşkar edilib. Bu yosun qrupları suyun rəngini əsasən yaşıl, bəzi hallarda isə qəhvəyi-yaşıl tonlara çevirə bilər.

Mövsümi hava istiliyinin artması ilə yanaşı, sudakı biogen elementlərin, xüsusən ümumi azot və fosforun səviyyəsinin yüksəlməsi biokimyəvi proseslərin sürətlənməsinə gətirib çıxarıb. Bu şərait toksiki sianobakteriyaların kütləvi artması üçün əlverişli mühit yaradıb.

Məlumatda əlavə tədbirlər və ya gölün sanitar vəziyyətinə dair növbəti addımlar barədə detallara yer verilməyib.