ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner avqustun 16-da Misirin Əl-Əlameyn şəhərində HƏMAS lideri Xəlil əl-Həyyə ilə görüş keçirib.
Görüşdə Sülh Şurasının nümayəndələri Nikolay Mladenov və Toni Bler iştirak edib, həmçinin Misir, Qətər və Türkiyənin yüksək rütbəli diplomatları toplantıda yer alıblar.
Bu görüş Kuşner üçün 2025-ci ilin oktyabrında İsraillə atəşkəs və girovların azad edilməsi üzrə razılaşmanın bağlanmasından sonra HƏMAS rəhbərliyi ilə ilk görüş kimi qeydə alınır.
Kuşner danışıqlarda HƏMAS-ı iyulun 30-da razılaşdırılmış tərk-silah planını tətbiq etməyə çağırıb. Xəlil əl-Həyyə isə qrupun planın icrasına sadiq olduğunu, lakin bunun yalnız İsrailin öz öhdəliklərini yerinə yetirməsindən sonra mümkün olacağını bildirib.
Kuşner əl-Həyyəyə bildirib ki, HƏMAS silahları təhvil verməyə başladıqdan sonra Sülh Şurası ABŞ-ın iştirakı ilə Qəzzadakı zərbələrin dayandırılması və İsrailin qoşunlarını mərhələli şəkildə ərazidən çıxarması üçün İsrailə təzyiq göstərəcək.
O, həmçinin HƏMASı Qəzzada silahlı qüvvələrinin nümayişini dayandırmağa və idarəetmənin yeni Fələstin texnokrat hökumətinə ötürülməsinin təmin olunmasına çağırıb.
Kuşner görüşdən sonra İsrailə yola düşəcək və avqustun 17-də Baş nazir Benyamin Netanyahu ilə bir araya gələcək.
Görüş vaxtı İsrail ordusu Qəzzada zərbələrə davam edib. İsrail hərbi mənbələri bildirir ki, Xan Yunisdə Fələstin İslami Cihadının üzvü, Nuseyratdakı zərbədə isə HƏMAS-ın bir üzvü hədəfə alınıb; Fələstin mediası hər iki zərbə nəticəsində bir neçə nəfərin yaralandığını xəbər verib.