Çin Yer səthinin məsafədən zondlanması məqsədilə hazırlanan peyki uğurla orbitə göndərib.

Hadisə avqustun 17-də Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası tərəfindən təsdiqlənib. Buraxılış Pekin vaxtı ilə saat 11:02-də, Bakı vaxtı ilə isə 07:02-də həyata keçirilib.

Raket Tayyuan kosmodromundan start alıb. İstifadə edilən daşıyıcı “Çançjen” (“CZ”) seriyasından olub və bu seriyanın tarixində sayca 664-cü uçuşdur.

Kosmik aparatın rəsmi adı açıqlanmayıb. İstifadə olunan “CZ-2C” modelinin uzunluğu 42 metr, örtük diametri isə 3.35 metrdir; raket maye yanacaqla işləyən, iki mərhələli quruluşa malikdir.

Texniki göstəricilərə görə, “CZ-2C” aşağı Yer orbitinə 2.85 tona qədər, geostasionar keçid orbitinə isə təxminən bir tona qədər faydalı yük daşıya bilir. Bu buraxılış həmin raket modelinin ümumi sayında 88-ci, 2026-cı il üzrə isə dördüncüdir.

Çin hökuməti meteorologiya, telekommunikasiya və naviqasiya sahələri üçün peyklər, eləcə də Ayla bağlı texnologiyalar üzərində işləməklə milli kosmik proqramını genişləndirir. 2025-ci ildə ölkə 92 buraxılışa imza ataraq öz rekordunu yeniləmişdi.