Masallı rayonunun Bədəlan kəndindəki, şəhid Bəxtiyar Gənciyevin adını daşıyan küçənin sakinləri yolun durumundan narazılıq bildirirlər.
Yerli əhali deyir ki, küçə uzun müddətdir təmir edilməyib və bu səbəbdən yayda toz-duman, qışda isə palçıq problemi yaranır. Nəticədə küçədə gediş-gəliş çətinləşir.
Sakinlər bildirirlər ki, yağışlı havalarda yuxarıdan axan su küçəyə tökülür və həmin ərazidə kanalizasiya sistemi mövcud deyil, bu da vəziyyəti daha da ağırlaşdırır.
Şəhid Bəxtiyar Gənciyevin anası Gülcənnət Gənciyeva vəziyyəti belə təsvir edib: "Şəhid anasıyam, 84 yaşım var, xəstəyəm. Qışda küçə palçıq içində olur, yeriyə bilmirəm. Yoldaşım da xəstədir, o da hərəkət etməkdə çətinlik çəkir."
Kənd sakinləri qeyd edirlər ki, küçənin asfaltlanması ilə bağlı yerli icra hakimiyyətinə müraciətlər ediblər, lakin hələlik heç bir iş görülməyib.
Rəsmi qurumdan bildirilib ki, hazırda büdcədə vəsait yoxdur və buna görə təmir işləri yerinə yetirilməyib; vəsait ayrıldıqdan sonra yolun asfaltlanması nəzərdə tutulur.