Çində uzun illərdir həyata keçirilən böyük miqyaslı yaşıllaşdırma proqramları bəzi bölgələrdə su ehtiyatlarının azalmasına gətirib çıxarıb.

Alimlər 2001–2020-ci illər ərzində ölkədə bitki örtüyündə baş verən dəyişiklikləri təhlil ediblər. Araşdırmanın nəticələri göstərir ki, meşələrin genişlənməsi yağıntının həcmini artırsa da, ağacların buxarlama fəaliyyəti bəzi ərazilərdə istifadəyə yararlı suyun azalmasına səbəb olub.

1980-ci illərdən bu yana Çində təxminən 78 milyard ağac əkilib. 2001–2020-ci illər ərzində isə meşə sahəsi 226 min kvadrat kilometr artıb; eyni dövrdə otlaqlar 158 min, səhrə və bitkisiz torpaqlar isə 107 min kvadrat kilometr azalmışdır.

Tədqiqatda bitki örtüyünün çoxalmasının illik su buxarlanmasını orta hesabla 1,71 millimetr, yağıntını isə 1,24 millimetr yüksəltdiyi müəyyən edilib. Bu göstəricilər əsasında hesablandıqda mövcud su ehtiyatı ildə orta hesabla 0,46 millimetr azalıb.

Xüsusilə otlaqların meşəyə çevrildiyi sahələrdə su itkisi daha qabarıq olub: bu zonalarda hər il əlavə 8,44 milyard kubmetr su buxarlanıb və yağıntı 5,08 milyard kubmetr çoxalıb. Beləliklə, istifadəyə yararlı suyun həcmi həmin ərazilərdə 3,36 milyard kubmetr azalıb.

Tədqiqat müəllifləri vurğulayırlar ki, təsir bütün regionlarda eyni olmayıb. Atmosfer axınları ağacların buraxdığı rütubəti digər bölgələrə daşıyıb; nəticədə Tibet yaylasında su əlçatanlığında artım müşahidə edilərkən, Çinin şimal-qərbində və şərq musson zonasında su ehtiyatları azalıb.

Mütəxəssislər qeyd edirlər ki, yaşıllaşdırma proqramlarının uğurunu yalnız əkilən ağacların sayına görə qiymətləndirmək doğru deyil. Əsas ekoloji faydalarla yanaşı, xüsusilə qurak bölgələrdə su resurslarına olan təsirlər də nəzərə alınmalıdır.