Çinin şərqində yerləşən Suzhou Ruihua Ortopedik Xəstəxanasında cərrahlar nadir və mürəkkəb əməliyyat icra ediblər: hər iki aşağı ətrafın bud səviyyəsində yenidən əkilməsi dünya praktikasında ilk dəfə həyata keçirilib.

Prosedurun ümumi müddəti təxminən səkkiz saat təşkil edib. Əməliyyata cəlb olunan komandada ortopediya və rekonstruktiv cərrahiyyə üzrə mütəxəssislər çalışıb.

51 yaşlı xəstə 2024-cü ilin sonlarında fabrikdə baş verən qəza nəticəsində hər iki ayağını itirmişdi. Əməliyyatdan sonra həkimlər onun vəziyyətində yaxşılaşma müşahidə etdiklərini bildiriblər.

Xəstə hal-hazırda ev şəraitində gəzinti aparatının köməyi ilə hərəkət edir. Həmçinin topuqlardan yuxarı hissədə hissiyyatın qismən bərpası qeydə alınıb.

Travma şöbəsinin müdiri Li Çanqsun bildirib ki, reabilitasiya irəliləsə və sağalma planlı şəkildə davam etsə, xəstənin təxminən bir-iki il ərzində gəzinti aparatından imtina edərək müstəqil yeriməsi mümkündür.

Hazırda onun reabilitasiya prosesinə nəzarət olunur və funksiyaların bərpası üçün fiziki terapiya davam edir.

Qeyd edilir ki, belə mürəkkəb rekonstruktiv əməliyyatlar daha əvvəl də müxtəlif ölkələrdə icra olunub; məsələn, Rusiyanın Kareliya Respublikasında sənaye qəzası nəticəsində ağır zədələnmiş qolun xilas edildiyi əməliyyatlar barədə məlumatlar mövcuddur.