Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən yaşayış binasının ətrafında torpaq sürüşməsi getdikcə artır.
Güclü yağış və sel nəticəsində baş vermiş uçqunun təsirləri hələ aradan qaldırılmayıb. Hadisə yerində iri beton konstruksiyaların avtomobillərin üzərinə aşdığı bildirilib.
Sakinlər deyir ki, sürüşmə nəticəsində binanın ətrafındakı torpaq qatında ciddi dəyişikliklər baş verib və ərazidə uçqun təhlükəsi var. Həmçinin onlar yaşayış binasında bəzi çatların əmələ gəldiyini qeyd edirlər, bu isə narahatlığı artırır.
Sakinlər mümkün təhlükənin vaxtında aradan qaldırılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirlər.
Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən verilən məlumata görə, problemin aradan qaldırılması məqsədilə FHN-ə və digər aidiyyəti qurumlara müraciət edilib. Müraciətə yenidən baxılacağı və problemin həlli üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.